"UFC Qatar" turnirində orta çəki dərəcəsinin reytinqli döyüşçüləri İkram Aliskerov və Cared Kannonier əsas kartın açılış qarşılaşmasında üz-üzə gəliblər. Titul uğrunda keçmiş namizəd olan 42 yaşlı Kannonier son beş döyüşündə yalnız bir qələbə qazanıb. Aliskerov isə karyerasında indiyədək yalnız Xamzat Çimayev və Robert Uittaker kimi sabiq çempionlara məğlub olub.
Offsideplus.az xəbər verir ki, ilk raundda Kannonier hücuma üstünlük versə də, Aliskerovun dəqiq zərbələri rəqibin tempini pozub. Onun sağ əllə endirdiyi zərbə Kannonierin qulağının arxasına dəyərək amerikalı döyüşçünü tarazlıqdan çıxarıb. Raundun sonuna doğru daha çox dəqiq zərbə vuran Aliskerov üstünlüyü ələ alıb.
İkinci raundda Aliskerov ilk cəhddə rəqibini parterə endirib. Lakin qəfəsdən tutduğu üçün hakim döyüşçüləri ayağa qaldırıb. Raundun ortasında Kannonieri sərt şəkildə yerə çırpan Aliskerov rəqibinin arxasına keçərək boğma fəndi tətbiq etməyə çalışıb. Kannonier ayağa qalxmağı bacarsa da, Aliskerov raundun sonunadək nəzarəti əldən verməyib.
Üçüncü raundda Kannonier vəziyyəti dəyişməyə cəhd göstərsə də, Aliskerov uzaq məsafədən endirdiyi zərbələrlə üstünlüyünü qoruyub və qəfəs kənarında növbəti dəfə rəqibini yerə yıxıb. Raundun sonuna qədər dominant mövqedə qalan döyüşçü Kannonierə heç bir şans tanımayıb.
Hakimlərin yekdil qərarı ilə (30-27, 30-27, 30-27) İkram Aliskerov qələbə qazanıb. Bu nəticə ilə ardıcıl dördüncü uğuruna imza atan döyüşçü orta çəki dərəcəsinin ilk beşliyinə bir qədər də yaxınlaşıb.


