ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino Folarin Balogunun cəzasının ləğvi və bunun komandanın dünya çempionatından kənar qalmasına təsiri barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, amerikalı hücumçu Folarin Balogun Bosniya və Herseqovina müdafiəçisi Tarik Muharemoviçlə toqquşmadan sonra qırmızı vərəqə alıb və qaydalara əsasən növbəti oyunda iştirak etməməli idi. Lakin ABŞ Futbol Federasiyası və ölkə prezidenti Donald Trampın FIFA-ya müraciətindən sonra Balogunun Belçikaya qarşı oyunda iştirakına icazə verilib. Tramp sonradan bildirib ki, şəxsən FIFA prezidenti Canni İnfantinoya zəng edib.

Poçettino bu barədə deyib: "Bəlkə də, sonradan bu qədər neqativlik yaradan vəziyyətə daha çox müdaxilə etmədiyim üçün peşmanam. Ola bilsin, qərarın qəbulunda daha fəal iştirak etməli idim. Qırmızı vərəqənin ləğvi ilə bağlı qərara mənim heç bir aidiyyətim olmayıb. Futbol adamı kimi hər şeyi başa düşürəm... Hətta epizodun düzgün qiymətləndirilib-qiymətləndirilməməsi də əsas deyil – düşünürəm ki, heç kim bu prosesin necə baş verdiyini tam anlamadı".

Belçika ilə oyuna toxunan Poçettino əlavə edib: "Futbol adamı kimi bilirəm ki, emosional zəka vacibdir – anın enerjisi hər şeyi dəyişə bilər. Düşünürəm, həmin anda oyun başqa axara yönəldi və hesab edirəm ki, nə taktika, nə strategiya, nə də oyunçu seçimi hadisələrin gedişatını dəyişə bilərdi".

ABŞ millisi 2026-cı il dünya çempionatının 1/8 finalında Belçikaya 1:4 hesabı ilə uduzaraq turnirdən kənar qalıb.