Keçmiş NBA ulduzu Gilbert Arenas basketbolçu karyerasının vaxtsız başa çatmasından sonra yaşadığı psixoloji çətinliklər barədə səmimi açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Arenas 2008-ci ildə "Vaşinqton Vizardz" ilə 6 illik, 111 milyon dollarlıq müqavilə imzalasa da, zədələr və paltardəyişmə otağında baş verən silah qalmaqalına görə əvvəlki statusunu tez itirib. 2010-cu ildə onu "Orlando Medc"ə transfer ediblər, 2011-ci ilin dekabrında isə NBA-də yeni tətbiq olunan amnistiya qaydasından istifadə edən klub Arenası heyətdən kənarlaşdırıb. Qalan 62 milyon dollar məbləğindəki ödənişlər restrukturizasiya olunub və Arenas 2016-cı ilin oktyabrına qədər mütəmadi olaraq ödəniş alıb. O, "Memfis Qrizliz"də cəmi 17 oyun keçirdikdən sonra karyerasını bitirib.

Arenas bildirib: "Karyeramı başa vurduqdan sonra dörd il ərzində mənə hələ də pul ödəyirdilər. Oturub düşünürdüm: 'İndi nə edim? Həyat mənasızdır'. İnsanlar soruşurdu ki, niyə investisiya ilə məşğul olmursan? Axı mən nə vaxt və harada investisiya etməyi öyrənmişəm? Bu barədə heç nə bilmirəm, repçi də ola bilmərəm. Studiyaya girib 'yo, yo' deyə bilmərəm. Heç bir həvəsim yox idi. Qolf oynamağa çalışdım, amma ürəyim istəmədi. Sadəcə, vaxt öldürmək üçün şəhərin mərkəzinə qədər avtomobillə gedib musiqi dinləyirdim, sonra geri qayıdırdım. Sonra nahar edir, yatır, axşam saat beş, altı və ya yeddidə oyanırdım. O məşq və oyun vaxtını nəyinsə ilə doldurmağa çalışırdım. Ən çətini də bu idi. Səhər saat 11-dən günorta 1-ə qədər özümü narahat hiss edirdim, axşam isə saat 17:00-dan 21:00-a qədər nə ilə məşğul olacağımı bilmirdim".