İngiltərə millisinin və "Liverpul"un sabiq hücumçusu Maykl Ouen atçılıq sahəsində yeni sərmayə ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, futbolçu karyerasını başa vurduqdan sonra Ouen atçılığa ciddi şəkildə maraq göstərməyə başlayıb və Çeşirdə Manor House Stables adlı atçılıq təsərrüfatı yaradıb. Hazırda onun təsərrüfatında 140 at saxlanılır.

Ouen ötən ay ABŞ-da keçirilən "Saratoga derbisi"ndə Glacius adlı atının qələbəsi sayəsində 550 min funt qazanıb.

Bu həftə o, atlarının məşqçisi Hyuqo Palmer və atçılıq üzrə məsləhətçi Ed Sakvill ilə birlikdə İrlandiyada Tattersalls hərracında iştirak edib və beş bir yaşlı atı ümumilikdə 460 min funtdan çox məbləğə alıb. Ən bahalı at isə 180 min funta başa gəlib.

Maykl Ouen bildirib: "Bu işə uzun müddət hazırlaşmışam. Təxminən 23 il əvvəl bu köhnə əkinçilik təsərrüfatını alıb burada galop üçün meydança, kiçik qaçış zolağı və 20 at üçün dayanacaq tikdim. İndi isə buranı tanımaq olmur. Müxtəlif növ atlarımız var və hələ də inkişaf etmək, təsərrüfatı daha böyük və yaxşı etmək istəyirik. Bu, mənim ehtirasım və övladım kimidir, eyni ruhda davam etmək arzusundayam".