Azərbaycan milli komandası sentyabrın 27-də Millətlər Liqasının D Liqasında Litvanın qonağı olacaq.

Qrupumuz D Liqasında yer alsa da, mübarizə heç də asan keçməyəcək. Çünki rəqiblər, xüsusilə də Litva seçməsi zəif komanda deyil. Litva yığmasının ümumi heyət dəyəri "Transfermarkt" portalına görə 21.13 milyon avro təşkil edir. Müqayisə üçün qeyd edək ki, millimizdə bu rəqəm 16.38 milyon avrodur.

Meydan sahiblərinin ən bahalı futbolçusu 8 milyon avro dəyəri olan Qvidas Qineytisdir. Ölkəsinin böyük ümidlər bəslədiyi Qineytis İtaliyanın "Torino" klubunda çıxış edir. 22 yaşlı yarımmüdafiəçi bu mövsüm A Seriyasında mümkün 5 oyunun 4-də (3-ü start heyətində) meydanda olub. 191 sm boya malik ucaboy futbolçu 1 məhsuldar ötürmə ilə də yadda qalıb. İtaliya Kubokunda keçirilən 2 matçda isə o, son dəqiqəyə qədər mübarizə aparıb.

Litva heyətindəki futbolçuların böyük əksəriyyəti legioner həyatı yaşayır.

Komandanın 51 yaşlı baş məşqçisi Edqaras Yankauskas 3-4-2-1 (və ya 3-4-3) taktiki sxeminə üstünlük verir. Onun Ayxan Abbasovla oxşar cəhəti cinah müdafiəçilərindən lateral kimi istifadə etməsidir.

Rəqibimiz ötən gün Lixtenşteynlə görüşdə rahat qələbə qazanıb. Hesab 2:0 olsa da, onlar daha 3-4 real qol vəziyyətindən yararlana bilməmişdilər.

Səfər faktorunu da nəzərə alsaq, milli komandamız üçün qarşılaşmanın çətin keçəcəyi dəqiqdir. Bu matçda qazanılacaq 1 xal da yığmamız üçün çox dəyərli nəticə sayıla bilər.