İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası, İspaniya La Liqası və İtaliya A Seriyası FİFA-ya islahatlarla bağlı birgə müraciət ünvanlayıb.
Offsideplus.az xəbər verir ki, bu müraciətdə FİFA-nın idarəetmə sistemində ciddi problemlərin olduğu vurğulanıb və qurumun gələcəyinin bütün futbol ictimaiyyəti üçün əhəmiyyət daşıdığı qeyd edilib. Liqalar FİFA-nın son illərdə qəbul etdiyi qərarların, xüsusilə də Dünya Çempionatının kommersiya hüquqlarının satılması ilə bağlı layihənin futbolun əsas prinsiplərinə zidd olduğunu bildiriblər.
Bəyanatda qeyd olunub ki, FİFA-nın idarəetmə strukturu əsas maraqlı tərəfləri qərarların qəbulunda kənarda qoyur və bu, futbolun inkişafına mənfi təsir göstərir. Liqalar FİFA-nın yalnız prosedur dəyişiklikləri ilə kifayətlənməməsini, köklü islahatlar aparmasını vacib sayır. Onlar hesab edirlər ki, FİFA-nın rəhbərliyində tənzimləyici, kommersiya və siyasi səlahiyyətlərin bir şəxsin əlində cəmlənməsi təhlükəlidir və bu, effektiv nəzarət mexanizmlərinin olmaması ilə müşayiət olunur.
Liqalar həmçinin vurğulayıblar ki, FİFA-nın beynəlxalq oyun təqvimini birtərəfli qaydada genişləndirməsi və milli çempionatlarda məcburi fasilələrin artırılması klublara və oyunçulara ciddi təsir edir. Onlar qərarların qəbulunda əsas maraqlı tərəflərin iştirakının təmin olunmasını tələb ediblər.


