Portuqaliyalı hücumçu Rafael Leao "Milan"dan ayrılaraq "Qalatasaray"a transferi öncəsi emosional şəkildə klubla vidalaşıb.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu İtaliya təmsilçisində yeddi mövsüm keçirdikdən sonra komandadan ayrılır. "Veneziya" ilə oyundan sonra Sky Sport-a açıqlama verən Leao bildirib ki, artıq komanda yoldaşları ilə vidalaşıb və azarkeşlər qarşısında son dəfə meydana çıxmaq istəyib.
"Milan"a olan sevgim heç vaxt bitməyəcək. Komandanı uzaqdan izləyəcəyəm", – deyə Leao vurğulayıb.
Vidalaşma zamanı ağlayıb-ağlamadığı sualına isə futbolçu belə cavab verib: "Çox ağladım. Bu, tamamilə normaldır. Emosiyalar bu prosesin bir hissəsidir".
Leao 2019-cu ildən "Milan"da çıxış edib. O, komanda ilə birlikdə İtaliya çempionluğu və ölkə Superkubokunu qazanıb.
"Qalatasaray"ın bu transfer üçün "Milan"a 40 milyon avro və əlavə 3 milyon avro bonus ödəyəcəyi bildirilir.


