Keçmiş UFC çempionu Alcameyn Sterlinq məşq zamanı Zabit Maqomedşaripov tərəfindən "şoutaym" zərbəsi ilə nokauta düşdüyünü təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, Zabit ABŞ-da döyüşçülərin onun sərt sparrinqlərindən narazı qaldığını bildirib və Sterlinqi həmin məşqdə nokauta saldığını xatırladıb. "Narazı olanlar var idi. Bir çoxu hətta sparrinqlərə gəlmirdi. Sterlinq? O vaxt balaca idi. Belə alındı. Bu hadisənin videosunu məndən çox adam soruşur. Arxivimdədir, göstərmək olmaz", – deyə Maqomedşaripov qeyd edib.
Sterlinq isə sosial şəbəkədə bu sitatın yer aldığı videonun altında yazıb: "Zabit, sən həqiqətən centlmensən. O vaxt doğrudan da balaca idim. Səni tanımırdım, amma bu hadisədən sonra necə güclü olduğunu anladım".
Qeyd edək ki, Zabit Maqomedşaripov 2019-cu ildən MMA-da çıxış etmir. O, 30 avqustda ACB JJ turnirində UFC döyüşçüsü Yussef Zalal ilə cüiu-citsu qarşılaşmasına çıxacaq.


