Almaniyanın tanınmış sabiq futbolçusu Lothar Matteus Harri Keynin "Qızıl top" mükafatını qazanmaq şansları barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Matteus öz köşəsində Keynin bu il Avropanın ən yaxşı bombardiri kimi "Qızıl buts"u qazandığını və "Bavariya Münhen"də iki daxili titul əldə etdiyini vurğulayıb. O qeyd edib ki, Keyn il ərzində sabit və yüksək səviyyədə çıxış edib, heç bir zəif dövrü olmayıb və meydandakı oyunu ilə seçilib.

Matteus bildirib: "Mən bütün ili qiymətləndirirəm, təkcə bir oyunu və ya bir turniri yox. Lamine Yamal "Barselona"da və İspaniya millisində çempionluq yaşasa da, komanda yoldaşları fonunda seçilmədi. Lionel Messi "İnter Mayami" ilə MLS-də çempion oldu, amma bu liqa Avropa çempionatlarından zəifdir. Kilian Mbappe Fransa millisində dünya çempionatının yarımfinalına yüksəldi, lakin "Real Madrid" ilə heç bir titul qazanmadı. Eyni sözləri Cud Bellinghem haqqında da demək olar. Keynin yeganə çatışmazlığı dünya çempionatının və Çempionlar Liqasının finalına çıxmamasıdır. Amma o, meydanda nümunəvi oyun göstərib və mənim fikrimcə, "Qızıl top"a ən çox layiq olan futbolçudur".

Matteus həmçinin əlavə edib ki, Keyn və Rodri kimi oyunçular meydandakı çıxışları ilə diqqət çəkir və meydandan kənar qalmaqallarla gündəmə gəlmirlər.