"Qarabağ"ın yeni transferi Renaldo Sefas Misli Premyer Liqasının I turunda "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra Offsideplus.az-ın suallarını cavablandırıb.

Komandasının ilk qoluna imza atan yamaykalı hücumçu oyun və qarşıdakı "Tvente" matçı ilə bağlı fikirlərini bölüşüb.

O, ilk növbədə "Şamaxı" ilə görüşü dəyərləndirib:

"Yaxşı oyun alındı. İlk yarıda bir az zəif təsir bağışladıq, amma ikinci hissədə meydana çıxıb bu oyunu qazanmalı idik. Etdiyimiz şey də elə bu oldu".

Sefas avrokuboklardakı növbəti rəqibləri "Tvente" ilə matça adi qaydada hazırlaşacaqlarını bildirib:

"Hər hansı başqa oyuna necə hazırlaşırıqsa, elə. Sadəcə qələbə qazanmaq üçün hazırlaşacağıq. Oraya qələbə əzmi ilə gedəcəyik, vəssalam".

26 yaşlı vinger "Tvente" adının onları qorxutmadığını xüsusi vurğulayıb:

"Xeyr, xeyr... Qorxutmaq? "Qarabağ"ı? Xeyr, bizi qorxutduğunu düşünmürəm".

Təcrübəli oyunçu komandaya uyğunlaşma prosesinin davam etdiyini, lakin tezliklə tam formasına düşəcəyini qeyd edib:

"Hələ ki adaptasiya olmaqda davam edirəm. Amma sistemi, məşqçinin nə tələb etdiyini və hər şeyi tam anlayıram. Bir neçə oyundan sonra 100 faiz formama çatacam".