Nəhayət ki, Misli Premyer Liqasının 2026/27 mövsümü start götürdü. Yaddaqalan və yüksək dinamikada keçən oyun olmasa da, çempionat maraqlı anlarla başladı.
Mövsümə Tovuzda start verildi. Futbolla nəfəs alan Tovuz xalqı həm çempionatın açılışına, həm də “Turan Tovuz”un matçına görə şəhərdə həqiqi bayram ab-havası yaratmışdı. Böyükdən kiçiyə hər kəs stadiona axışmışdı. Oyuna ilk hissədə diqtə edən tərəf “Turan Tovuz” olsa da, bunu bütün qarşılaşmaya şamil etmək olmaz. “Qəbələ” ikinci hissədə daha yaxşı təsir bağışlasa da, ustalıq seviyyəsi məsələni həll etdi. Matçın taleyini 1 qol həll etdi və “Turan Tovuz” qarşısına çempionluq hədəfi qoyduğu mövsümün ilk oyununda qələbə qazandı.
“Qəbələ” ilk turu səfərdə oynasa da, bu tur Qəbələdə oyun keçirildi. Bəli, axı “Araz-Naxçıvan” ev oyunlarını artıq orada keçirir. Səmimi olsaq, qol vurulmasa da, maraqlı oyuna şahidlik etdik. Qarşılaşma qarşılıqlı hücumlar şəraitində keçdi. Hər iki komandanın yüzfaizlik imkanları olsa da, ustalıq çatışmazlığı və bəxtin üz döndərməsi qola izin vermədi.
“Sabah” isə “Kəpəz”i sınağa çəkdi. “Bayquşlar”ın “Kəpəz”lə oyunları ötən mövsüm də çətin alınırdı: bir oyunda son saniyələrdə qol vurmuşdular, digərində isə uduzmuşdular… Valdas Dambrauskas Çempionlar Liqasına görə rotasiyalı heyət buraxmaq məcburiyyətində qalmışdı. Paytaxt təmsilçisi bölgə klubunun bu dəfə də çətinliklə məğlub etdi. “Kəpəz” isə xalsız qalsa da, döyüşkən oyunu ilə diqqət çəkdi.
Üçüncü oyun günündə “Sumqayıt” “Neftçi”ni qəbul etdi. “Ağ-qaralar” “kimyaçılar”ın qapısından 3 top keçirdi. “Gənclər şəhəri” təmsilçisinin gücü isə yalnız təsəlli qoluna çatdı. Beləliklə, “Neftçi” üç mövsümdən sonra ilk turda qələbə qazandı.
Günün növbəti oyununda debütant “Şəfa” “Zirə”nin qonağı oldu. Burada da məsələni keyfiyyət fərqi həll etdi. İlk dəqiqələrdən təşəbbüsü ələ alan “qartallar” ilk hissədə Eren Aydının, ikinci yarıda isə İssa Cibrilanın qolu ilə qələbəyə sevindi. “Şəfa”da azsaylı keyfiyyətli legioner diqqət çəksə də, ümumi komanda oyununda gerilik hiss olunurdu. “Zirə” isə həmişəki kimi sabit və sistemli komanda təsiri bağışladı.
Tura Tofiq Bəhramov adına Respublika stadionunda yekun vuruldu. Konfrans Liqasının pley-off mərhələsi ərəfəsində olan "Qarabağ" Azər Bağırovun "Şamaxı"sını sınağa çəkib. Qurban Qurbanovun komandası gözlənildiyi kimi görüşə təzyiqlə başladı və Renaldo Sefasın qolu ilə hesabı açdı. Lakin intizamlı oyunu ilə seçilən şamaxılılar müqaviməti qırmağa imkan vermədilər. Edqar Adilxanovun qolu tərəfləri fasiləyə bərabərliklə yolladı. İkinci hissədə isə yenə ustalıq səviyyəsi və geniş heyət faktoru sözünü dedi. "Şamaxı"nın futbolçusu Rikardo Apolinario qapıları səhv salaraq Ağdam təmsilçisini yenidən önə keçirib. Son nöqtəni isə Aleksey Kaşuk qoydu. "Qarabağ" gözlənilən qələbə ilə mövsümə inamlı start götürüb. Görüşlə bağlı onu da qeyd etmək olar ki, "Nyukasl"la oyunda zədələnən Bəhlul Mustafazadə 6 aylıq fasilədən sonra meydanlara qayıdıb.
Beləliklə, Misli Premyer Liqasının ilk turu favoritlərin qələbəsi ilə yadda qalıb.


