İslam Maxaçev UFC 330-da İan Maçado Qarri üzərində qələbədən sonra növbəti rəqibinin kim olacağına xüsusi önəm vermədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, o, əsas namizədlərdən olan Karlos Prates və Maykl Moralesin həmin turnirdə bir-biri ilə döyüşməməsinə təəccübləndiyini qeyd edib.

Maxaçev mətbuat konfransında bu barədə danışıb: "Qoy döyüşsünlər. Niyə bu turnirdə bir-biri ilə döyüşmədilər ki, kim bir nömrəli namizəddir, bilinsin? Problem deyil. Bu divizionda real iddiaçılar var. Morales, Prates, Şavkat Rəxmanov – bu döyüşçülər məni hər gün daha çox məşq etməyə vadar edir. Çünki görürəm ki, onlar mənə yaxşı döyüşlər verə bilərlər."

Çempion əlavə edib ki, UFC Prates və Morales arasında döyüş təşkil etsə, qalibin ona qarşı çıxması 2027-ci ilə qədər uzana bilər və o, bu qədər gözləmək istəmir. Maxaçev bu il ən azı iki dəfə döyüşməyi planlaşdırdığını, növbəti qarşılaşmasını noyabr və ya dekabrda keçirmək istədiyini vurğulayıb: "Artıq 34 yaşım var. Tez-tez döyüşməliyəm, çünki çəki salmaqda problemim yoxdur, ciddi zədəm də yoxdur, sadəcə burnumu yoxlatdırmalıyam."

Maxaçev UFC-nin Ağ Evdə keçiriləcək turnirində iştirak etmək istədiyini, lakin bu baş tutmadığını da əlavə edib. O, ilin sonuna qədər titulunu müdafiə etmək arzusundadır. UFC-nin bu istəyə necə cavab verəcəyi isə hələlik bəlli deyil.