NBA rəhbərliyi "Klipers"in sahibi Stiv Balmerin ulduz forvard Kavai Leonard üçün klubun sponsorları vasitəsilə maaş limitini aşmaq məqsədilə vəsait ötürməsinə dair heç bir sübut tapmayıb.

Offsideplus.az xəbər verir ki, bununla belə, araşdırma davam edir və Kaliforniya təmsilçisinin rəhbərliyinin mümkün qayda pozuntuları istisna edilmir. Liqa indi əsas diqqəti klub rəhbərliyinin "nəzarət qaydaları"nı pozub-pozmamasına yönəldib. Xüsusilə, "Klipers" əməkdaşlarının Leonard və onun nümayəndələrini klub sponsorları ilə tanış etməsi və ona digər NBA oyunçularına təqdim olunmayan xüsusi imtiyazlar verib-verməməsi araşdırılır. Bundan əlavə, basketbolçunun dayısı Dennis Robertson üçün gizli maddi üstünlüklərin təqdim edilib-edilmədiyi ayrıca yoxlanılır. Əgər klubun onun uçuş və yaşayış xərclərini gizli şəkildə ödədiyi təsdiqlənsə, Leonard liqaya bu xidmətlərin dəyərini ödəmək öhdəliyi ilə qarşılaşa bilər. Gözlənilir ki, NBA rəsmi qərarını 2026-cı ilin sentyabrında liqa İdarə Heyətinin iclasında açıqlayacaq.