UFC-nin tanınmış döyüşçüsü Entoni Smit iyul ayında həyat yoldaşı ilə bağlı baş vermiş insidentə görə həbs olunduqdan sonra dörd ağır cinayət maddəsi ilə ittiham edilir və məhkəmədə özünü təqsirsiz elan edib.

Offsideplus.az xəbər verir ki, məhkəmə sənədlərinə əsasən, Smitin ilkin məhkəmə iclası avqustun 17-nə təyin olunsa da, onun təqsirsiz olduğunu bildirməsindən sonra bu iclas ləğv edilib. İdmançı sentyabrın 21-də yerli vaxtla saat 13:30-da məhkəməyə qayıtmalıdır və həmin iclasa şəxsən qatılacaq.

Smitə qarşı birinci dərəcəli ağır cinayətə cəhd, ikinci dərəcəli ağır cinayət, terror xarakterli hədələr və iki dəfə birinci dərəcəli qanunsuz azadlıqdan məhrumetmə kimi ittihamlar irəli sürülüb. İkinci dərəcəli ağır cinayətə görə minimum bir il, maksimum 50 il həbs cəzası nəzərdə tutulur. Üçüncü dərəcəli cinayətlərə görə isə maksimum üç il həbs və 18 ay nəzarət altında qalmaq cəzası tətbiq oluna bilər.

Sarpi dairə prokurorluğunun yaydığı məlumata görə, iyulun 26-da Gretna şəhərindəki bir barda Smit həyat yoldaşını avtomobilinə əyləşməyə məcbur edib və ona hədə-qorxu gəlib. Daha sonra avtomobildə onu itələyib və bir neçə dəfə avtomobili idarə edərək həyat yoldaşını vurmağa cəhd göstərib. Qadın hadisə zamanı xəsarət almayıb və təhlükəsizliyini təmin edə bilib.

Entoni Smit hələlik ictimaiyyətə açıqlama verməyib. Onun həyat yoldaşı Mikhala Reni Nyuman sosial şəbəkədə paylaşım edərək bildirib: "Hazırda çox danışa bilmərəm. Entonini bütün varlığımla sevirəm. O, yaxşı insan, əla ata və möhtəşəm həyat yoldaşıdır. Onun psixoloji çətinliyini başqa cür təqdim etdilər. Mən həmişə təhlükəsiz olmuşam. O, mənə heç vaxt zərər yetirməz. Mən kömək çağırdım ki, onu özü-özündən qoruya bilim."

Smit 500 min dollar girov qarşılığında azadlığa buraxılıb və sentyabrda yenidən məhkəmə qarşısına çıxacaq.