UFC-nin yarımorta çəki dərəcəsində çempion İslam Maxaçev UFC 330 turnirində İan Maçado Qarri üzərində qələbə qazanaraq ilk titul müdafiəsini uğurla başa vurub. Bu nəticə ilə Maxaçev ardıcıl 17-ci qələbəsini əldə edərək Anderson Silvanın rekordunu geridə qoyub.

Offsideplus.az xəbər verir ki, döyüşdən sonra İslam Maxaçev yeni çəki dərəcəsində uğur qazanmaq üçün əlavə çəki yığmalı olduğunu bildirib. O qeyd edib ki, qarşılaşmanın çətinliyinə baxmayaraq, hər an sona qədər döyüşməyə hazırdır: "Bu döyüş mənim üçün ən çətini deyildi. Asan və ya çətin olmasından asılı olmayaraq, son saniyəyə qədər mübarizə aparıram".

Maxaçev növbəti rəqibinin kim olacağına fərq qoymadığını deyib: "Morales, Prates, Şavkat Raxmonov – bu idmançılar məni hər gün daha çox məşq etməyə vadar edir. Onlar real rəqiblərdir və yaxşı döyüşlər vəd edir".

İslam Maxaçev karyerasında ən çətin döyüşlərdən birinin Aleksandr Volkanovski ilə ilk qarşılaşması olduğunu vurğulayıb: "Bəlkə də bu döyüş ilk üçlüyə düşər, amma Avstraliyadakı döyüş çox ağır keçmişdi. Volkanovski hər an irəli gedirdi, dayanmırdı. O vaxt bütün arena ona dəstək verirdi".

Hazırda 34 yaşında olan Maxaçev karyerasını davam etdirmək niyyətindədir: "Yarımorta çəkidə qalacağam və hələ uzun illər döyüşəcəyəm. Ramazan ayından əvvəl, yanvarda və ya ilin sonunda döyüşməliyəm. Artıq gənc deyiləm, vaxt itirmək istəmirəm. Çəki salmaqda problemim yoxdur, ciddi zədəm də yoxdur, sadəcə burnumu yoxlatdırmalıyam".

O, həmçinin İlya Topuriya ilə döyüşdən imtina etmədiyini və zədəli olmadığını, UFC Freedom 250-də döyüşməyə razılıq verdiyini bildirib.