“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının ilk turunda “Sumqayıt” üzərində qazanılan qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, ukraynalı mütəxəssis komandanın çıxışını və transfer planlarını dəyərləndirib.

Vernidub bildirib ki, mövsümə səfərdə qələbə ilə başlamaqdan və futbolçuların performansından razıdır. Onun sözlərinə görə, komanda daha çox qol vura bilərdi, lakin yaradılan imkanlardan tam istifadə etmək mümkün olmayıb.

Baş məşqçi “Sumqayıt”ın təhlükəli epizodlarının az olduğunu vurğulayıb və rəqibin qolunu buraxmamalı olduqları top kimi qiymətləndirib.

Qutsulyakın transferi ilə bağlı suala cavabında Vernidub bu barədə konkret məlumatının olmadığını deyib. O, ukraynalı futbolçunu yüksək səviyyəli vinger kimi xarakterizə edərək, “Neftçi”də oynamaq istəməsi halında onun keçidinə qarşı olmayacağını bildirib.

“Şerif”dən təklif aldığı barədə xəbərlərə də münasibət bildirən mütəxəssis belə bir məlumatı ilk dəfə eşitdiyini söyləyib. Vernidub “Neftçi” ilə müqaviləsinin olduğunu və klubdakı işindən razı qaldığını qeyd edib.

“Böyük məbləğ təklif olunsa belə, getmərəm. Mən pulun arxasınca qaçan insan deyiləm. Mənim üçün işim və müqaviləm daha önəmlidir. Hazırkı qazancım məni qane edir”, – deyə Vernidub bildirib.

Baş məşqçi Kenan Piriçin komandadan ayrılmadığını, hazırda zədə səbəbindən heyətdə olmadığını da açıqlayıb.

Vernidub əlavə edib ki, “Neftçi” heyəti gücləndirmək üçün çalışmalarını davam etdirir. Klubun əsas hədəfi komandanın oyun fəlsəfəsinə uyğun və öz zəhməti ilə uğur qazanmağa çalışan futbolçuları heyətə cəlb etməkdir.