Azərbaycan çempionu “Sabah” Basketbol Klubu 2026/27 mövsümündə Avropanın ən nüfuzlu klub turnirlərindən biri olan FIBA Basketbol Çempionlar Liqasının müntəzəm mövsümündə ardıcıl ikinci dəfə mübarizə aparacaq.
Offsideplus.az xəbər verir ki, yeni mövsüm öncəsi paytaxt təmsilçisinin heyətində ciddi dəyişikliklər baş verib. Komanda həm bir sıra əsas basketbolçularla yollarını ayırıb, həm də müxtəlif ölkələrdə və fərqli səviyyələrdə təcrübə toplamış yeni oyunçularla güclənib.
“Sabah”ın yeni mövsümdəki əsas yeniliklərindən biri baş məşqçi postunda yaşanıb. Rimas Kurtinaytislə əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb. Litvalı mütəxəssis “Sabah”da çalışdığı müddətdə komandanı ardıcıl üç dəfə Azərbaycan çempionu edib və klubun beynəlxalq arenadakı nəticələrinə mühüm töhfə verib. Tərəflər Kurtinaytisin Litva milli komandasında fəaliyyətinə daha çox diqqət ayırmaq istəyini nəzərə alaraq yolları ayırmaq barədə razılığa gəliblər.
Onun yerinə serbiyalı mütəxəssis Lazar Spasiç gətirilib. 1992-ci il təvəllüdlü məşqçi karyerasına 2013-cü ildə “Mladost Zemun”da köməkçi kimi başlayıb, daha sonra “Rtanj”, “Zdravlje Leskovac” və “Vrşac” komandalarına başçılıq edib. Spasiç 2024/25 mövsümündə “Vrşac”ı Serbiya Basketbol Liqasının çempionu edib. Son olaraq isə Almaniyanın “EWE Baskets Oldenburg” klubunda baş məşqçi vəzifəsində çalışıb.
Yeni mövsüm öncəsi “Sabah” yeddi basketbolçu ilə yollarını ayırıb. Hassani Qravett, Ramiz Quliyev, Jan-Mark Pansa, Klavs Kavars, Andrii Voynalovıç, Ceyms Eads və Kit Cordan artıq komandanın heyətində olmayacaq.
“Sabah”ın yeni transferləri arasında isə ABŞ basketbol məktəbinin müxtəlif səviyyələrində özünü göstərmiş oyunçular üstünlük təşkil edir.
Amerikalı Çarlz Manning bunlardan biridir. 1998-ci ildə Nyu-York ştatının Riverhead bölgəsində anadan olan və 196 sm boya malik oyunçu sürəti, atletizmi və hücum potensialı ilə seçilir. Kollec karyerasına "Florida SouthWestern State College"də başlayan Manning 2018/19 mövsümündə 16.8 xal, 4.8 ribaund və 3.1 asist ortalamaları ilə çıxış edib və NJCAA "Third-Team All-American" seçilib.
2022-ci ildən Avropada çıxış edən Manning müxtəlif klublarda təcrübə toplayıb. Onun son mövsümü Türkiyənin “Karşıyaka” klubunda keçib. 2025/26 mövsümündə Türkiyə Basketbol Super Liqasında 30 oyunda orta hesabla 13.6 xal, 3.1 ribaund və 2.9 asistlə oynayan amerikalı meydandan 47.3 faiz, sərbəst atış xəttindən isə 83.5 faiz dəqiqlik nümayiş etdirib. O, “EWE Baskets Oldenburg”la Basketball Champions League-də də çıxış edib və 4 oyunda 10.3 xal, 4.3 ribaund və 4.0 asist ortalaması göstərib.
Komandanın digər amerikalı transferlərindən biri Kuinsi Ballarddır. 213 sm boyunda olan mərkəz Nyu-York ştatının Sirakuza şəhərindəndir.
Ballard 2025/26 mövsümündə "Mississippi State Bulldogs" formasını geyinərək NCAA-nın ən güclü konfranslarından biri hesab olunan SEC-də mübarizə aparıb. Mövsüm ərzində komandasının keçirdiyi 32 oyunun hamısında meydana çıxıb və 28 matça start beşliyində başlayıb.
“Sabah”ın yeni transferləri arasında ən çox diqqət çəkən adlardan biri Frenki Fidlerdir. 201 sm boyunda olan amerikalı forvard NCAA karyerasına "Omaha Mavericks"də başlayıb və üç mövsüm ərzində komandanın əsas liderlərindən birinə çevrilib.
2025-ci ildə peşəkar basketbola keçən Fidler Avropadakı ilk mövsümünü “Rīgas Zeļļi”də keçirib. 2026-cı ilin yayında isə NBA səviyyəsində özünü göstərmək imkanı qazanıb. Las-Veqasda Portland forması ilə çıxış edən Fidler “Denver Nuggets”ə qarşı oyunda 16 xal və 5 ribaund toplayıb. Onun “Sabah”la müqaviləsi bir illikdir.
“Sabah” heyətinə qoşulan digər mühüm ad Mindauqas Susinskasdır. 204 sm boyunda olan litvalı forvard Avropanın müxtəlif liqalarında və turnirlərində ciddi təcrübə qazanıb.
Susinskas karyerası ərzində “Alytaus Dzūkija”, “Prienai”, Almaniyanın “NINERS Chemnitz” və İspaniyanın “Bàsquet Girona” komandalarında çıxış edib. Almaniyada FIBA Europe Cup təcrübəsi yaşayan basketbolçu həmin turnirdə orta hesabla 11.3 xal, 4.0 ribaund və 2.5 asistlə oynayıb.
Daha sonra İspaniyanın ACB liqasında üç mövsüm keçirən Susinskas Avropa basketbolunun ən yüksək səviyyələrindən birində özünü sınayıb. Onunla iki illik müqavilə imzalanması “Sabah”ın heyətində uzunmüddətli planın bir hissəsi kimi qiymətləndirilə bilər.
203 sm boya malik Nik Perkins də yeni mövsümdə “Sabah”ın ön xəttində mühüm fiqurlardan biri olacaq.
Perkins karyerası ərzində Yaponiya, İtaliya, Cənubi Koreya, Puerto Riko, Tayvan kimi ölkələrin çempionatlarında çıxış edib. O, İtaliyanın “Happy Casa Brindisi” klubunun heyətində FIBA Çempionlar Liqası və FIBA Europe Cup-da da oynayıb.
Onunla iki illik müqavilənin imzalanması komandanın həm fiziki güc, həm də çoxfunksiyalı oyunçu baxımından ön xəttini genişləndirir.
Legionerlərlə yanaşı, “Sabah” yerli oyunçu ilə də güclənib. Son olaraq “Şəki”də çıxış edən Rəşid Abbasov yeni mövsümdən paytaxt klubunun formasını geyinəcək. Basketbolçu ilə bir illik müqavilə imzalanıb.
Abbasovun komandaya cəlb olunması “Sabah”ın heyətində yerli oyunçuların sayının və rotasiya imkanlarının qorunması baxımından əhəmiyyətlidir.
Heyət və məşqçi korpusundakı dəyişikliklər fonunda “Sabah”ın əsas diqqəti Avropaya yönələcək. Azərbaycan çempionu 2026/27 mövsümündə FIBA Basketbol Çempionlar Liqasının müntəzəm mövsümündə iştirak edəcək. Bununla da klub ardıcıl ikinci mövsümdə turnirin əsas mərhələsində Azərbaycanı təmsil edəcək.
Püşkatmanın nəticələrinə əsasən, üçüncü səbətdə yer alan “Sabah” BK “A” qrupuna düşüb. Azərbaycan çempionunun rəqibləri Litvanın “Rytas Vilnüs”, Fransanın “Nanter 92” və Türkiyənin “Trabzonspor” komandalarıdır.
Bu qrup “Sabah” üçün həm ciddi sınaq, həm də yeni heyətin özünü Avropa səviyyəsində göstərməsi üçün imkan olacaq. Xüsusilə “Rytas Vilnüs” kimi Avropa təcrübəsi zəngin komanda ilə qarşılaşmalar yeni baş məşqçi Lazar Spasiç və onun formalaşdırdığı heyətin səviyyəsini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.


