"Barselona"nın baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"la oyun öncəsi Bakı Olimpiya Stadionunda keçirilən son məşqə akademiya hücumçusu Oskar Qistaunu da cəlb edib.
Offsideplus.az "Sport" nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı forvard əsas komanda ilə hazırlıqlarda iştirak etsə də, onun bu gün axşam keçiriləcək qarşılaşmanın iştirak ərizəsinə salınacağı gözlənilmir.
Qeyd edək ki, Qistau "Barselona"nın U-19 komandasının heyətində UEFA Gənclər Liqası çərçivəsində "Sabah"ın müvafiq yaş qrupu ilə keçiriləcək oyun üçün Bakıya gəlib. "La Masiya"nın ən perspektivli hücumçularından sayılan və yayda müqaviləsi 2028-ci ilə qədər uzadılan gənc futbolçunun Gənclər Liqası matçında əsas heyətdə meydana çıxacağı ehtimal olunur.
Xatırladaq ki, "Sabah" – "Barselona" matçı bu gün saat 21:45-də Bakı Olimpiya Stadionunda baş tutacaq.


