“Neftçi” Azərbaycanın ən köklü komandalarından biridir”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan milli komandasının üzvü Derin Berköz deyib.

“Neftçi”yə yeni transfer olunan basketbolçu keçidi haqqında danışıb: “Keçən mövsümü NTD-də keçirmişdim və ilk ilimdə çox gözəl təcrübələr qazandım. Əslində NCAA-dan təklifim var idi, amma xüsusilə yerli basketbolçu olaraq Azərbaycanda qalmaq istəyirdim. Bu mövsüm “Neftçi” klubu mənə güvənərək məni heyətinə cəlb etdi. Mən də klubun uğuru üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm.

Yeni məşqçimiz basketbol haqqında çox məlumatlıdır və bizi tanıdığı müddətdə hər birimizlə yaxından, detallı şəkildə maraqlanır. Həmçinin, Daviti məşqçi ilə bu yay U20 milli komandasında birlikdə çalışmışdıq. Yerli komanda yoldaşlarımı da milli komandalardan tanıyıram. Buna görə də adaptasiya prosesim yaxşı gedir”.

19 yaşlı basketbolçu gələcək hədəflərindən də danışıb:

“Neftçi” hər zaman yüksək pillələr uğrunda mübarizə aparan komandadır. Bundan əlavə, bu il həm liqa, həm kubok, həm də Avropa kuboku oyunlarımız olacaq və hər üç turnirdə iddialı komanda olacağıq. Bu sıx tempdə mən də gənc oyunçu kimi həm özümü ən yaxşı şəkildə inkişaf etdirmək, həm də komandama maksimum fayda vermək istəyirəm”.

Qeyd edək ki, “Neftçi” 19 yaşlı üzvü Derin Berköz ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.