Bəzi futbolçular komandaya gəlir, formasını geyinir, qol vurur, kuboklar qazanır və bir gün gedirlər. Bəziləri isə zaman keçdikcə sadəcə oyunçu olmaqdan çıxıb daha böyük bir dəyərə çevrilir, klubun canlı tarixinin ayrılmaz hissəsi olurlar. Abdulla Zubir də “Qarabağ” üçün məhz belə bir fiqurdur.

O, “Qarabağ”a ilk gələndə bəlkə də heç kim onun bu qədər uzun müddət komandada qalacağını, illər sonra azarkeşlərin onun adını belə xüsusi hisslərlə anacağını təsəvvür etmirdi. Axı o, futzaldan böyük futbola keçid etmiş oyunçu idi. Lakin Zubir illər ötdükcə öz unikal hekayəsini yazdı – həm meydanda, həm də meydandan kənarda.

Bu gün onun adına baxanda qarşımızda yalnız statistika və soyuq rəqəmlər canlanmıram. O rəqəmlərin arxasında “Qarabağ”ın unudulmaz Avropa gecələri, tarixi qələbələr, çempionluqlar, böyük oyunların həyəcanı, böyük sevinc və məyusluqlar dayanır.

Abdulla Zubir artıq bu formanı geyinmiş növbəti legioner deyil. O, bu klubun tarixində şəxsi səhifəsini açmış SİMADIR. Bəlkə də mübahisəyə açıq mövzudur, amma onu rahatlıqla klub tarixinin bir nömrəli legioneri adlandırmaq olar. İllər sonra “Qarabağ” haqqında xatirələr bölünəndə insanlar əvvəlcə hansısa matçın hesabını yox, Zubirin topu ayağına alıb rəqib müdafiəçilərin üzərinə inamla getdiyi həmin ecazkar anları xatırlayacaqlar.

Zubir adını “Qarabağ”ın salnaməsinə və Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazdırdı. O, hətta rəqib futbolçuların və məşqçilərin də müsahibələrində ehtiramla “ən yaxşı” adlandırdığı azsaylı ulduzlardan idi.

Bizə bəxş etdiyin möhtəşəm 8 il üçün təşəkkürlər, Zubir! Sadəcə bir futbolçu kimi gəldin, canlı əfsanə kimi gedirsən!