"Ferrari"nin monakolu pilotu Şarl Lekler Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralanma turunda əldə etdiyi 2-ci yeri şərh edib və nəticədən razı qaldığını bildirib.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı sürücü təəssüratlarını belə bölüşüb:

"Düzünü desəm, keçdiyim dövrə pis alınmadı. Lyuis Hemilton məndən 3-4 saniyə öndə gedirdi və nəticədə onun sayəsində yaratdığım "sliptrim"in hesabına yaxşı zaman göstərə bildim. Lakin Corc Rasselin nəticəsindən nə qədər geridə qaldığımızı görəndə anlayırsan ki, əslində dövrəmiz o qədər də möhtəşəm olmayıb.

Ümumiyyətlə, biz bütün həftəsonu boyunca təqib edən tərəf rolu oynayırıq. Çətin keçən cüməşənbəsi günündən sonra liderlərdən çox geridə qalacağımızı düşünürdük, lakin bu gün səhər sessiyası bizə kiçik də olsa ümid bəxş etdi.

Düşünürəm ki, start torundakı mövqe baxımından təxminən gözlədiyimiz yerdə qərarlaşdıq. Ancaq ən yaxşı vaxtdan olan geriləmə dərəcəsi həqiqətən çox böyükdür.

Baxaq görək sabah hər şey necə cərəyan edəcək. Düzlüklərdəki sürət "Ferrari" bolidinin güclü tərəfi deyil, lakin birinci sərbəst yürüşdə uzun məsafə tempimiz çox yaxşı idi. Ümid edirəm ki, sabah da eynilə belə olacaq".

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisində əsas yarış sabah - sentyabrın 26-da baş tutacaq.