Slovakiyanın paytaxtı Bratislavada aprelin 7-dən 13-dək güləş üzrə Avropa çempionatı keçiriləcək.
Offsideplus.az xəbər verir ki, güləş üzrə milli komandalarımız çempionata ciddi şəkildə hazırlaşır. Yunan-Roma güləşi üzrə yığmamız məsul yarış öncəsi son hazırlıq mərhələsini hazırda Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir.
Avropa çempionatına hazırlaşan yunan-Roma güləşi üzrə millimizin üzvü, 72 kq çəki dərəcəsində çıxış edən Ülvi Qənizadə saytımıza açıqlama verib. O, yığmamızın çempionat öncəsi hazırlığı barədə danışıb:
“İlk növbədə onu demək istərdim ki, komandada ab-hava yüksək səviyyədədir. Bir çox təlim-məşq toplanışlarında iştirak etmişik. Yarışa yüksək səviyyədə hazırlaşmışıq.”
Bu çempionatla bağlı hədəflərindən danışan Ülvi Qənizadə əsas məqsədlərinin çempionluq olduğunu bildirib:
“Ötən Avropa çempionatında yaxşı çıxış etmişdik. 3 qızıl medal qazanmışdıq. Gümüş və bürünc medallar da əldə etmişdik. Komandamızın heyətində olan güləşçilərin böyük əksəriyyəti Avropa və dünya çempionlarıdır. İnanıram ki, bu səfərdə də yaxşı nəticələr göstərib, medallar qazanacağıq.”
Rəqibləri barədə də danışan güləşçimiz fikirlərini belə ifadə edib:
“Mənim çəkimdə olan rəqiblər asan rəqiblər deyil. Güclü güləşçilər çoxdur, amma mən rəqibləri gözümdə böyütmədən, öz güləşimə fokuslanıb uğur qazanmağa çalışacağam.”