Azərbaycanın güləş üzrə milli komandaları Avropa çempionatına hazırlığın son mərhələsinə keçib.

Offsideplus.az xəbər verir ki, sərbəst güləş yığmamız Quba Olimpiya İdman Kompleksində geniş heyətlə təlim-məşq toplanışı keçir. Gənc idmançıların da qatıldığı bu hazırlıq prosesi martın 19-da başlayıb və aprelin 2-dək davam edəcək.

Yunan-Roma və qadın güləşi üzrə yığmalar isə hazırlıqlarını Bakıda, federasiyanın təlim-məşq bazasında tamamlayırlar. Qadın idmançılar martın 22-dən məşqlərə start verib və onların toplanışı aprelin 7-də başa çatacaq. Yunan-Roma komandası isə bu gündən hazırlıq prosesinə qoşulub və aprelin 9-dək məşqlərini davam etdirəcək.

Qeyd edək ki, Avropa çempionatı 7-13 aprel tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.