UFC-nin sabiq çempionu Konor Makqreqor 7 il həbs cəzasına məruz qala bilər.

Offsideplus.az xəbər verir ki, məşhur idmançı 2023-cü ildə İrlandiyanın paytaxtı Dublində baş verən iğtişaşlar ərəfəsində "nifrətin artırılması" çağırışını etməkdə ittiham olunur.

Belə ki, Makqreqorun həmin vaxt sosiial mediada yazdığı bir şərhin vəziyyəti daha da qızışdırdığı iddia olunur. 

İrlandiyanın cinayət hadisələrinin araşdırılması üzrə Milli Bürosu bu yaxınlarda lazımi sənədləri Baş Prokurorluğa göndərib. İddialar sübuta yetirilərsə, Makqreqor 7 ilədək həbs cəzasına məhkum ediləcək.

Qeyd edək ki, Dublində iğtişaşlar 2023-cü il noyabrın 23-24-də yaşanıb. Uzun müddət İrlandiyada yaşayan əlcəzairli kişi paytaxtdakı məktəblərdən birinin yanında yoldan keçənlərə bıçaqla hücum edib. Nəticədə 5 nəfər - 1 qadın, 1 kişi və 3 uşaq xəsarət alıb. Bundan sonra yerli əhali küçələrə axışaraq, immiqrantlara qarşı qaydaların sərtləşdirilməsi, qaçqınların ölkədən çıxarılması tələbini irəli sürüb, küçə və meydanlara böyük ziyan vurub.

Onu da əlavə edək ki, Konor Makqreqor bir neçə gün öncə İrlandiya prezidenti olmaq istədiyini açıqlayıb.