"Ferrari"nin pilotu Şarl Lekler yeni əyləc sisteminə keçdikdən sonra bolidin idarəetməsindəki dəyişikliklərlə bağlı sualı cavablandırıb.

Offsideplus.az xəbər verir ki, pilot Barselonaya tamamilə yeni spesifikasiyalı bolidlə gəldiklərini və yeniliklərin onun maşına dair hisslərini müsbətə doğru dəyişdiyini bildirib.

Sürət və ümumi təəssürat baxımından həmin həftəsonunun uğurlu keçdiyini qeyd edən sürücü, buna baxmayaraq sıralama turundakı səhvi və yarışdakı texniki problem səbəbindən istədiyi nəticəni qazana bilmədiyini vurğulayıb:

"Avstriyada da bazar gününə qədər hər şey qaydasında idi, lakin yarışda çətinliklərlə üzləşdik. Sürətimizin zəif olmasına təsir edən bəzi məqamları müəyyənləşdirmişik və lazımi dəyişiklikləri edəcəyik. Növbəti iki yarışın komandamız üçün çox ağır keçəcəyini etiraf etməliyik. Hazırda edə biləcəyim ən yaxşı şey, vəziyyətimizdən asılı olmayaraq çox çalışmaqdır".