Xorvatiya millisinin kapitanı Luka Modriç DÇ-2026-nın 1/16 finalında Portuqaliyaya məğlub olduqları (1:2) oyundan sonra VAR sistemi barədə sərt fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, matçın ikinci hissəsində Xorvatiya hesabda 1:0 öndə olarkən, hakim VAR baxdıqdan sonra Nikola Vlaşiçin Renatu Veyqaya qarşı qayda pozuntusu əsas gətirilərək xorvatların qapısına penalti təyin edilib və Kriştianu Ronaldu tarazlığı bərpa edib.

Modriç bu qərara və ümumilikdə VAR-ın işinə belə reaksiya verib:

"Xorvatiya daha çoxuna layiq idi. VAR ilk tətbiq olunanda da onun mənə xoş gəlmədiyini demişdim. Bəzi vəziyyətlərdə faydalı olsa da, hazırda ondan yanlış, seçici və komandaların statusuna uyğun istifadə edirlər. VAR yalnız 200 faizlik aşkar səhv olduqda müdaxilə etməlidir. Mübarizə zamanı hər iki oyunçu yıxılıb, bu, penalti deyildi. Belə oyunda bu cür qərar vermək olmaz. Bu məni qəzəbləndirir və futbola zərər verir.

Şikayətlənmək istəmirəm, amma bəzi şeylər məni narahat edir, çünki burada taleyimiz, əziyyətimiz həll olunur. Yenə də ikinci hissədəki oyunumuzla, Xorvatiyanı necə təmsil etdiyimizlə fəxr edə bilərik. Bu, hamının sevdiyi və hörmət etdiyi Xorvatiyadır. İrəli baxmalıyıq".