"Sabah"ın Çempionlar Liqasının təsnifat mərhələsindəki ilk oyununa — Uelsin TNS klubu ilə qarşılaşmasına sayılı günlər qalıb.
"Bayquşlar" ən nüfuzlu klub turnirində uğurlu çıxış etmək üçün hazırlıqlarını davam etdirirlər. Komandanın hazırlıq prosesi təkcə təlim-məşq toplanışı ilə məhdudlaşmır, həmçinin transfer bazarında da aktiv addımlar atılır. Bəs hazırda heyətdə vəziyyət necədir?
İlk növbədə qeyd edək ki, klub rəhbərliyi ötən mövsüm icarədə olan dörd aparıcı futbolçunu heyətdə saxlamağı bacardı. Söhbət Timoteuş Puxaç, Umarali Roxmanaliyev, Velko Simiç və Aaron Maludadan gedir. Bununla yanaşı, komandanın əsas ulduzu Coy-Lens Mikelslə də yeni müqavilə imzalandı.
Yeni transferlərdən Eyden Makkarti mərkəz müdafiəçisidir. Digər keçidlər daha çox heyəti gücləndirmək və rotasiya məqsədi daşıyırdısa, Makkartinin gəlişi birbaşa ehtiyacın qarşılanmasıdır. Çünki ötən mövsüm komandanın yeganə zəif bəndi mərkəz müdafiəsi idi.
"Lill"dən icarəyə götürülən 2005-ci il təvəllüdlü fransalı Yunis Laşaabın transferində isə Aaron Maluda effekti hiss olunur. Görünür, "Sabah" skautları gənc oyunçuda böyük potensial görüblər ki, belə bir addım atıblar. Maluda transferinin özünü doğrultması bu gedişin də uğurlu olacağına ümid yaradır.
Makkarti barədə deyilən fikirlər Erivaldo Almeydaya da aiddir. Ucaboylu, 26 yaşlı Almeyda müdafiədə keçilməz səddə çevrilmək niyyətindədir. Heyətdə Stiv Solvet və Rəhman Daşdəmirovun olduğunu nəzərə alsaq, arxa xətdə kəmiyyətin çoxalması birbaşa olaraq keyfiyyətə və rəqabətə müsbət təsir göstərəcək.
Yeni gələnlərdən Rodriqu Fernandeş isə yerli azarkeşlərə müəyyən qədər tanışdır. Ötən mövsümün qış fasiləsindən sonra "Şamaxı"da çıxış edən futbolçu tam formasında olmasa da, səviyyəsini nümayiş etdirə bilmişdi.


