Dünya futbolunun ulduzu, Argentina milli komandasının və İtaliyanın "Napoli" klubunun heyətində xariqələr yaratmış Dieqo Armando Maradonanın ölümü ilə bağlı daha bir versiya irəli sürülüb.

Offsideplus.az xəbər verir ki, dünya çempionu ölümündən öncə 12 saat aqoniya vəziyyətində (canvermə, terminal fasilə ilə kliniki ölüm arasında olan mərhələ) olub. 

Məhkəmə tibbi eksperti Karlos Maurisyo Kassinelli bildirib ki, məhz aqoniyaya görə Maradonanın daxili orqanlarının çəkisi normadan 2 dəfə artıq olub:  "Onun beyni şişmişdi, normadan artıq çəkidə idi. Biz onun plevral boşluğunda (ağciyər və sinə divarı arasındakı boşluq - red.) su tapdıq. Hər boşluqda təxminən yarım litr. Yəni, ağciyərlər şişmişdi, tamamilə suyun işində idi. Ağciyərlərə suyun yığılması ən azı 10 gün ərzində baş verib".

Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında Argentinanın paytaxtı Buenos-Ayresdə yerləşən fərdi evində dünyasını dəyişib. Rəsmi sənədlərdə onun ölümünə kəskin ürək çatışmazlığının səbəb olduğu göstərilib. Lakin futbolçunun ailəsi və yaxınları ölüm faktında həkimləri günahlandırıb, onların səhlənkarlğına görə cinayət işi qaldırılıb. Hazırda Buenos-Ayresdə Maradonanın ölümündə şübhəli bilinən 7 həkimin məhkəməsi gedir. 

Dieqo Maradonanın ölümündən dərhal sonra çəkilmiş fotosu məhkəmədə nümayiş olunur: 

maradona_mehkeme