Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət milli komandası (U-19) bu gün Avropa çempionatının əsas seçmə mərhələsində Xorvatiya ilə oyunda sona 1 saniyə qalmış qol vurub və məğlubiyyətdən qurtulub.
Offsideplus.az xəbər verir ki, yığmamızın baş məşqçisi İlqar Aslanov Xorvatiya - Azərbaycan (3:3) matçından sonra görüşü şərh edib. O, rəqibin təzyiq göstərəcəyini bildiklərini və komandanın əzmkarlıq nümayiş etdirdiyini diqqətə çatdırıb:
“Xorvatiya millisi Avropanın güclü komandalarından biridir. Çətin görüş olacağını bilirdik. İlk oyunda Bosniya və Herseqovinaya məğlubiyyət də sanki uşaqları ayıltmışdı. Çünki dünənki görüşdən fərqli olaraq bu dəfə rəqibdən çəkinmədilər. Hətta hesabı onlar açsa da, ardıcıl qollar vurmağımız uşaqları daha da həvəsləndirdi, özünəinamı artırdı. Bu gün əzmkarlıq göstərdik. Rəqibi də yaxşı öyrənmişdik. Bilirdik ki, ilk saniyələrdən pressinq edəcəklər. Bu təzyiqə hazır idik və bizim də öz cavablarımız oldu. Qazanılan xala görə komandamı təbrik edirəm. Bu, U-19-un tarixində əsas mərhələdə qazanılan ilk xaldır. Oyunlar çox keçirdikcə, uşaqlarda inam artacaq, təcrübədə qazanacağıq, nəticələrimiz də yaxşı olacaq”, deyə İ.Aslanov qeyd edib.
Qeyd edək ki, U-19 qrupda son matçını sabah Türkiyəyə qarşı keçirəcək.