DÇ-2026-da yarımfinal mərhələsi də bsşa çatdı. Mundialı yerindən işıqlandıran cəmi 3 azərbaycanlı idman jurnalisti var idi. Biri də Anar Şabanoğlu idi. 

Təcrübəli jurnalist turnirlə bağlı Offsideplus.az-a maraqlı müsahibə verib:

– Necə səfər alındı? Getməyə dəyərdimi?

– Hər bir idman jurnalisti mundialda olmaq istəyər. Mənə də bu xoşbəxtlik ardıcıl dördüncü dəfə qismət oldu. Amma ən çətini bu idi. Mən heç bir mundiala gedəndə belə mənəvi əziyyət çəkməmişdim. Amma idman mediamızın, futbolumuzun arxivi üçün 44 illik həyatımda, 27 ildən artıq olan jurnalist karyeramda etmədiklərimi etdim. Sözsüz ki, getməyə dəyərdi. İlk dəfə bizim çempionatda oynayan bir futbolçu – "Turan Tovuz"un müdafiəçisi Roderik Miller dünya çempionatının final mərhələsində iştirak etdi və mənim səfərimin başlıca səbəbi də bu tarixi anı gözlərimlə izləmək, Azərbaycan mediasının arxivinə həkk etmək idi.

– Mundiala ev sahibliyi edən neçə ölkədə oldunuz? Ən bəyəndiyiniz ölkə və ya şəhər hansı oldu?

– Mən yalnız Kanadada oldum. ABŞ-yə bir neçə dəfə getmişəm. Maradonanın tarix yazdığı əfsanəvi "Atsteka" stadionunda bir mundial oyununu görmək arzum idi. Amma obyektiv səbəblərə görə Meksikaya gedə bilmədim. Kanadada ilk dəfə olurdum. Bu ölkəni çox bəyəndim və sevdim. Kanadanın adının mənalarından biri "kənd"dir. Ağcaqayın yarpağı ölkəsinin təbiəti, insanları, hər şeyi çox möhtəşəmdir. Mən Torontonu, Vankuveri, bir də Niaqara şəlaləsini gördüm. Hamısını çox bəyəndim.

– Səhv etmirəmsə, yarımfinala qədər okeanın o tayında oldunuz. Sizə görə ən yaddaqalan oyun hansı idi?

– Mundialda beş matçda oldum. Kanadada ilk dəfə keçirilən mundialda açılış matçını – Kanada – Bosniya və Herseqovina görüşünü Toronto stadionundan seyr etdim. Daha sonra Vankuverdə Türkiyə – Avstraliya qarşılaşmasında oldum. Amma mənim bu mundiala gedişimin əsas səbəbi Roderik Miller idi. Ona görə də Panamanın Qana və Xorvatiya ilə qarşılaşmalarında Azərbaycandan olan yeganə jurnalist idim. Bir də Almaniya – Fil Dişi Sahili matçında oldum.

– Dəfələrlə vurğulayırdız ki, "Bura gəlməkdə əsas məqsədim Roderik Millerin meydanda olduğunu görməkdir". Bunu özünə də bildirdiniz? Dedinizsə, necə reaksiya verdi?

– Panama Qana və Xorvatiya ilə oyunlarda çox yaxşı təsir bağışladı, amma hər iki matçı 0:1 hesabı ilə uduzdu. Qana ilə oyunda son saniyələrdə qol buraxıb uduzdular və mənə Roderik Millerlə görüşmək qismət olmadı. Amma Luka Modriçli Xorvatiya ilə matçdan sonra Toronto stadionunun miks zonasında onun arxasınca qaçıb saxlaya bildim. Bu matçdan sonra Panama millisinin DÇ-2026-da qrupda qaldığı dəqiqləşmişdi. Federasiya rəsmiləri oyunçuların mediaya danışmasını istəmirdi. Mən Roderik Millerə "Azərbaycandan sənə görə gəlmişəm" deyəndən sonra o, rəsmilərlə danışıb mənə qısa açıqlama verə bildi. Mənim də bu mundiala getməkdə məqsədim elə bu 5-6 cümləlik açıqlamanı Azərbaycan futbolu və mediası tarixi üçün almaq idi.

– Ardıcıl dördüncü mundialınız idi. Sıralasaq, DÇ-2026-nı neçənci yerə qoyarsınız?

– Səmimi deyim ki, heç düşünməmişəm. Hamısının öz yeri var. İlk olduğu üçün, azərbaycanəsilli Aleksandr Səmədovu Rusiya – Belçika matçında əfsanəvi "Marakana" stadionunda, "pentakampeon" olan, Neymarlı Braziliya millisini isə Braziliya – Kamerun matçında Braziliyadakı "Mane Qarrinça" stadionunda canlı izlədiyim üçün yəqin ki, 2014 mundialını deyərdim. Amma ölkə olaraq Kanadanı çox sevdim.

– İspaniya, yoxsa Argentina?

– Mənim oğlum Kriştianu Ronaldunun fanatıdır. Onun sevinməsi üçün Portuqaliyaya və Kriştiano Ronalduya azarkeşlik edirdim. Mən Kriştiano Ronaldo pərəstişkarlarının Lionel Messiyə, Messi tərəfdarlarının isə Ronalduya nifrət etməsini anlamıram. Oğlum da bu təbliğatın təsirinə düşüb. Ona anlatmaq istəyirəm ki, bu futbolçuların hər ikisi dahidir və mənə görə Dieqo Maradona, Pele və Ronaldo Nazario ilə birlikdə dünyanın gəlmiş-keçmiş beş ən yaxşı futbolçusu siyahısındadırlar. Lionel Messi finaldadırsa, ağlım kəsəndən futbolu dəlicəsinə sevən mən 39 yaşlı bu canlı əfsanənin növbəti mundialı qazanmasını istəməsəm, bu sevgimə xəyanət etmiş olaram.