NBA-nın son iyirmi ilinin simalarından olan Derrik Rouz karyerasının sonunun zədələr səbəbindən faciəvi şəkildə bitdiyini bildirib. 

Offsideplus.az xəbər verir ki, 2011-ci ildə liqanın ən gənc MVP-si adını qazanan və "Çikaqo Bulls"u Şərq Konfransında zirvəyə daşıyan Rouz, basketbolun gənc izləyiciləri və unudulan əfsanələr barədə fikirlərini bölüşüb.

"Sports Illustrated" portalına müsahibəsində Rouz necə xatırlanmaq istədiyini belə ifadə edib: "İstəyirəm desinlər ki, meydançada həmişə əzmlə oynadım və qalib idim". Rouz əlavə edib: "Düzünü desəm, hekayəmin necə inkişaf etdiyini nəzərə alsaq, bir neçə ildən sonra yəqin ki, məni artıq xatırlamayacaqlar". O, gənclərin artıq Uilt Çemberleni və Bill Rassell kimi əfsanələri tanımadığını vurğulayıb: "Çoxları Uilt Çemberleni tanımır, baxmayaraq ki, o, saysız-hesabsız rekorda imza atıb və hər şeyi qazanıb. Bəziləri Bill Rasselli də tanımır, halbuki heç kim onun qədər titul qazanmayıb". Rouz sözlərini belə tamamlayıb: "Ona görə də mən kiməm ki, düşünüm məni xatırlayacaqlar? Çoxları yəqin ki, xatırlamayacaq. Amma ümid edirəm ki, hekayəmi kəşf edənlər bunu təsadüfən etməzlər".