Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo" klubu və kapitan Arijan Ademi arasında gərginlik yaşanıb.
Offsideplus.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Ademi ötən gün klubun prezidenti ilə xüsusi görüş təyin edib. Xorvatiyalı oyunçu xarici klublardan aldığı təklifləri rəhbərliklə müzakirə etmək istəyib. Lakin klub və baş məşqçi Ante Çaçiq futbolçunun transferinə qarşı çıxıb. Ademinin bu qərara kəskin reaksiya göstərdiyi bildirilir.
"Dinamo"nun mətbuat xidmətinin məsələ ilə bağlı yaydığı bəyanat bildirilir:
"Kapitan Arijan Ademi ilə rəhbərlik, idman direktoru və məşqçi arasında heç bir münaqişə olmayıb. Ademi klubun binasında olub, xaricdən müəyyən klubların onun transferində maraqlı olduğu barədə məlumatı çatdırmaq üçün rəhbərlik və idman sektorunun nümayəndələri ilə görüşüb. Bundan sonra klub rəhbərliyi idman direktoru və məşqçi ilə birgə yekdilliklə kapitan Arijan Ademinin “Dinamo”da qalması lehinə mövqe bildirib və əsas komandanın kapitanı ilə yeni müqavilə imzalaması təklif olunub".
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi "Dinamo"da 351 oyuna çıxıb, 39 qol vurub və 29 ötürmə ilə yadda qalıb. Futbolçu ilə İspaniyadan "Valensiya" və bəzi İngiltərə klublarının yaxından maraqlandığı bildirilir.