Azərbaycan cüdoçusu Əhməd Yusifov bu gün Monteneqronun paytaxtı Podqoritsada start götürən Avropa çempionatında bürünc medal qazanıb.
Offsideplus.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda məğlub olsa da, təsəlliverici mərhələdə digər azərbaycanlı Turan Bayramovu məğlub edib.
Daha sonra üçüncü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosu ippin fəndinə salan Ə.Yusifov qitə çempionatında ölkəmizin adına ilk medalı yazdırıb.
Turan Bayramovdan savayı, bu gün qüvvəsini sınayan digər təmsilçilərimiz Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) əliboş qalıblar.
Aprelin 26-dək davam edəcək yarışda tatami üzərinə daha 6 kişi və 4 qadın cüdoçumuz çıxacaq.