Azərbaycanlı futbolçular Renat Dadaşov və Rahil Məmmədovun şərəfini qoruduğu Polşanın "Radomyak" klubunun növbəti ev matçı ajiotaj yaradıb.
Offsideplus.az xəbər verir ki, aprelin 27-də Radom şəhər stadinonunda "Lex"ə qarşı keçiriləcək oyunun bütün biletləri satılıb.
Çempionluğa iddialı Poznan təmsilçisinin səfəri Radomda böyük rezonansa səbəb olub. "Radomyak" - "Lex" görüşünə 5 gün qalmış kassalarda "sold out" ("satılıb") sözləri yazılıb.
Qeyd edək ki, 8 qat Polşa çempionu "Lex" əsas rəqibi "Rakov"la eyni - 59 xal toplayıb. Poznan klubu yalnız əlavə göstəricilərə görə ikinci yeri tutur. "Radomyak" isə 35 xalla 13-cü sırada qərarlaşıb.
Onu da əlavə edək ki, Renat Dadaşov "Radomyak"ın sıralarına 2 ay öncə qoşulub. 25 yaşlı hücumçu yeni komandasının heyətində keçirdiyi 7 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə verib. Rahil Məmmədova gəlincə, yığmamızın müdafiəçisi bu ilin fevralından bəri "Radomyak"la rəsmi oyuna çıxmayıb.



