"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Araz-Naxçıvan"ı məğlub etdikləri Azərbaycan Kuboku yarımfinal qarşılaşmasından sonra mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, 53 yaşlı mütəxəssis 3:0 hesablı qələbəni şərh edib:

"Bir az gərginlik var idi. Amma komanda sona qədər təmkinli oynadı. İstər-istəməz geridə idik. Rəqib çox ağıllı müdafiə olunurdu. 1-2 epizodları da oldu. Topsuz çox yaxşı oynayırdılar. İkinci hissədə biz bir az təzyiqi qaldırdıq. Kubok oyunları çempionat qarşılaşmalarından fərqlidir. Komandalar bura fərqli yanaşırlar. Bu gün də bunun şahidi olduq".

Q.Qurbanov finalda mümkün rəqibin hansı komanda olacağına münasibət bildirib:

"Heç bir fikrim yoxdur. Bir onu bilərəm ki, finalda nəticəyə alışıb-yanan bir rəqib olacaq. Böyük ehtimal avrokuboklara getmək şansı o oyundan keçəcək. Bizə qarşı bütün güclərini qoyacaqlar. İki komanda da böyük sərmayə qoyur. Bu klubları xaricdə örnək göstərə bilərik. Həm "Sabah"ın, həm də "Neftçi"nin yaxşı infrastrukturları var. Hər ikisinin avrokuboklarda iştirak etməsini istərdim. Amma biz də finala qədər irəliləmişiksə, istəyərik ki, qazanaq. Mən də arzulayıram ki, oyunçularım daha çox kubok qazansınlar. Futbolçular belə oyunlarda böyüyür".

Qeyd edək ki, "Araz-Naxçıvan" ilk oyunda Ağdam təmsilçisini 1:0 hesabı ilə məğlub etsə də, cavab qarşılaşmasında 0:3 hesabı ilə uduzub.