Azərbaycan Kubokunun yarımfinalında ümumi hesabda "Sabah"a məğlub olan "Neftçi" (1:2, 1:1) mübarizəni dayandırıb.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov fikirlərini bölüşüb:
"Azarkeşlərə təşəkkür edirəm. Kuboka görə məsuliyyət daşıyırıq. Azarkeşlərimizdən üzr istəyirik. Kimisə qorumaq fikrində deyiləm. Burda olan azarkeşlər mənə güvənirdi. Mən komandanı finala çıxarmalıydım. Təəssüf ki, bunu edə bilmədim. Hər məşqçinin oyun üslubu fərqlidir. Futbolçu götürəndə üsluba uyğun oyunçuları cəlb etmək niyyətindəyik. Çalışacağıq ki, kardinal dəyişikliklər edək. Ətraflı hər şeyi danışmaq lazımdır. Ən yaxşısını etməyə çalışacağıq. Ümid edirəm ki, bütün problemləri çözəcəyik. Kimləri göndərəcəyik, kimləri saxlayacağıq - bunu zaman göstərəcək. Heç kim haqqında danışmaq istəmirəm. Oyundan danışmaq istəyirəm. Yaxşı köklənmişdik. Bu il ən yaxşı oyunumuzu göstərdik. 100%-lik 3 epizod yaratdıq. Qapımızda təhlükəli vəziyyət görmədik. Sona qədər alınmadı. Pressinq edə bilmədik. Əvəzetmələrə gəlincə isə rəqib daha da canlandı. Oyunçularım fasilədə şikayətlərə başladılar. Ağrıları var idi. Ehtiyatda olan futbolçuları oyuna daxil etdik. Təəssüf ki, rəqib əvəzetmələrdən sonra gücləndi".
S.Abasov 1/4 finalda "Kəpəz"lə görüşdə cəzalandırılan Bassala Sambu ilə bağlı danışıb:
"Sambunun qırmızı almasının bugünkü nəticəyə 100% təsiri olub-olmadığını deyə bilmərik. 4-5 oyuna 3 qol vurdu. Şikayət etdik, amma "Kəpəz"lə qarşılaşmadakı cəzanı 1 oyuna salmadılar. Sambu burda yoxdursa, digər hücumçular niyə effekt vermir? Nə isə demək çətindir. Oyunçular görüşün əvvəlindəki təyziqi davam etdirə bilmirlərsə, onların kondisiyası zəifdir. Zədədən qayıdanlar var. Emin son epizodlarda durduğu yerdə top itirdi. Yorğunluqdan irəli gəlir. Sek, Ştoqrin əvəzetmə istədi. Kaş start heyət sonacan qalardı. Ağadadaş “Qarabağ”la oyunda zədəli idi. O, son vaxtlar əsas hücumçumuza çevrilib. Darboya şans verdik ki, tonusda qalsın".