"Araz-Naxçıvan" Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"a uduzaraq mübarizəni dayandırıb.
Offsideplus.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyunu belə şərh edib:
"Ağır oyun alındı. Bilirdik, bizi nə gözləyir. İlk hissə bizim üçün yaxşı keçdi, lakin ikinci hissədə bir az ritmi itirdik. "Qarabağ"ı təbrik edirəm. Komandamın daha çox hücumda oynamağını istəyirəm. Rəqibi də vurğulamaq lazımdır. Klub olaraq bizdən üstündürlər. Düşünürəm ki, oyunu çevirə bilərdik. İlk hissədə epizodlarımız var idi".
E.Baxşıyev hakim Rəvan Həmzəzadənin performansını belə dəyərləndirib:
"25-ci dəqiqədəki epizoda diqqət etsəniz, lehimizə penalti idi. Hakim hücumumuzu dayandırır, səhv etdiyini deyir. Ümid edirəm ki, başqa komandalara qarşı bunu təkrarlamır. Öz komandama qarşı ikili standart hiss edirəm. Mən komandamı atıb onu düşünsəm, öz işimə köklənə bilmərəm. O simpatiya bizə qarşı hiss olunmur. Biz bilirik ki, oyunçumuz limitdədir. Ona birbaşa sarı vərəqə göstərib, tribunaya göndərirlər. Heyətimiz kasad deyil, indiki durumda zədəli oyunçularımız olduğu üçün sıxıntı yaşadıq".
Qeyd edək ki, "Araz-Naxçıvan" ilk oyunda Ağdam təmsilçisini 1:0 hesabı ilə məğlub etsə də, cavab qarşılaşmasında 0:3 hesabı ilə uduzub.