"Əlimizdən gələni edəcəyik ki, kuboku qazanaq".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"ni Azərbaycan Kubokunun yarımfinalında mübarizədən kənarlaşdıran "Sabah"ın baş məşqçisi Vasili Berezutski söyləyib. O, 1:1 hesablı heç-heçə ilə yekunlaşan oyunu (ümumu hesab - 3:2) belə şərh edib:
"Birinci hissə qarşılıqlı hücumlarla keçdi. İki oyunun nəticəsini götürsək, üstün tərəf biz idik. Çoxlu qol vəziyyətləri yaratdıq, lakin yararlana bilmirik. Bu konsentrasiyaya görə də olur. Mən belə deyərdim ki, ikinci hissədə dominant biz idik. Əsas odur ki, finala çıxdıq. Bizə cəmi bir addım qalıb. Bu tituldur. Əlimizdən gələni edəcəyik ki, kuboku qazanaq. Final görüşündə hər şey ola bilər. Hər çempionat oyunu bizim üçün önəmli olacaq. Hər oyunu final kimi görəcəyik".
V.Berezutski "Leonid Slutskini final oyunu üçün Bakıya dəvət edəcəksiniz?" sualına belə cavab verib:
"Böyük məmnuniyyətlə dəvət edərdim. Çindəki oyun qrafikini bilmirəm. Amma düşünürəm ki, dəvət etsəm gəlib böyük məmnuniyyətlə izləyər".
Qeyd edək ki, Berezutski "Sabah"a gələnə qədər L.Slutskinin başçılıq etdiyi məşqçilər korpusunda yer alırdı.



