Sabah “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.
Offsideplus.az xəbər verir ki, çempionlar yolunda qüvvəsini sınayacaq “qırmızı-qaralar” I mərhələnin ilk matçına çıxacaq. "Qəbələ"nin U-19 komandası Niderland təmsilçisi “Alkmaar”la görüşəcək.
AFFA-nın təşkil etdiyi Gənclər kubokunun qalibi olan Famil Xəlilovun yetirmələri ilk matçı evdə keçirəcək. Görüş Qəbələ şəhər stadionunda baş tutacaq.
“Qəbələ” UEFA Gənclər Liqasında iştirak üçün 30 futbolçu sifariş edib: qapıçılar Məmməd Muradov, Kamil Nəzərli, Həsən Həsənli, müdafiəçilər Xəyal Səmədov, Süleyman Damadayev, Hüseyn Mürsəlov, Samir Ağayev, Rüfət Əhmədov, Nuqay Rəşidov, Murad Musayev, Ülvü Mədətov, İbrahim Ramazanov, İxtiyar Məmiyev, Ravil Qafarov, yarımmüdafiəçilər Gülağa Əsədov, Şahin Şahniyarov, Okan Təhməzli, Rauf Rüstəmli, Rauf Məhərrəmov, Taleh Qarayev, Fuad Əhmədov, Emil Süleymanov, Fərid Kələntərov, Aqil Nəsibov, hücumçular Mehrac Baxşalı, Çiçin Namçi Akande, Emil Səfərov, Elmir Hüseynli, Kənan Baxışov və Sənan Ağalarovdur.
Bu, “Qəbələ”nin turnirdə 4-cü startıdır. 2016/17 mövsümündə “Dinamo” (Moskva, Rusiya) səddini keçə bilməyən (0:2, 0:5) “qırmızı-qaralar” 2 il sonra Gənclər Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olub. Komandamız 2018/19 mövsümündə öncə Moldova “Şerif”i (1:1, 3:1), ardınca Almaniya “Herta”sı ilə (1:3, 0:1) görüşüb. 2019/20 mövsümündə APOEL-lə (Kipr) qarşılaşan (1:1, 0:1) ötən il Şimali Makedoniya “Şkendiya”sı qarşılaşması mövsümün koronavirus pandemiyası üzündən ləğvi nəticəsində baş tutmayıb.
Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 20-də Niderlandda keçiriləcək. Bu cütün qalibi növbəti raundda “Çikzereda” (Rumıniya) – “Anje” (Fransa) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.
Çempionlar yolu
I mərhələ, ilk oyun
29 sentyabr
17:00. “Qəbələ” (Azərbaycan) – “Alkmaar” (Niderland)
Baş hakim: Viktor Kopiyevski
Baş hakimin köməkçiləri: Vitali Skoblia, Volodimir Korotin (hamısı Ukrayna)
Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan)
Qəbələ şəhər stadionu