"Joze Mourinyonun etdiyi hərəkət Okan Burukun işinə yaradı. O, Okan Buruku bütün dünyaya atdı. Artıq dünyada hər kəs Okan Buruk adlı baş məşqçi olduğunu öyrəndi".

Offsideplus.az xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış məşqçisi Yılmaz Vural deyib.

Dünən Türkiyə Kubokunun 1/4 final mərhələsində "Fənərbağça" - "Qalatasaray" (1:2) matçından sonra meydan sahiblərinin baş məşqçisi Joze Mourinyo rəqib komandadakı həmkarı Okan Buruka fiziki müdaxilə edərək, onun burnunu sıxıb. Qəfil həmlə nəticəsində yerə yıxılan "Cim Bom"un baş məşqçisi daha sonra burun nahiyəsində kiçik cızıq yarandığını bildirib.

Y.Vuralın sözlərinə görə, hadisənin əsas səbəbi rəqabətdir: "İki klub arasında rəqabət var. Superliqada başqa komanda yoxdur axı. Bu rəqabətdə uduzan baş məşqçi çox şey itirmiş olur. Mourinyo ilə Buruk arasında mövsümün əvvəlindən bəri meydançanın həm daxilində, həm də xaricində rəqabət var. Ancaq məncə, dünənki oyunda Okan Buruk Mourinyonu bu hərəkətə yol verməyə sanki təhrik etdi. Mourinyo hakimlərlə görüşmək üçün onların yanına gedirdi, həmin vaxt Okan Buruk da orada peyda oldu".

O, portuqaliyalı çalışdırıcını eyni zamanda nəticələrinə görə tənqid edib: "Türkiyədə xarici hər şeyə qarşıyam. Həmçinin futbolda əcnəbi futbolçu, əcnəbi məşqçini qəbul etmirəm. Mourinyonu dünyanın ən yaxşılarından sayırsınız, ancaq "Qalatasaray"a 0:2 uduzanda, oyuna müdaxilə edə bilmədi. Deməli, Mourinyonu məşqçi edən ulduz futbolçulardır".