AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsi bölgə hakimləri üçün maarifləndirici sessiya təşkil edib.

Offsideplus.az xəbər verir ki, şöbə rəisi Naib Əsədov və mütəxəssis Murad Məmmədli tərəfindən keçirilən təlimdə hakimlərə danışılmış oyunların mahiyyəti, oyun manipulyasiyası ilə adi hakim səhvləri arasındakı fərqlər və bu cür halların futbolun nüfuzuna vurduğu zərər barədə ətraflı məlumat verilib.

Tədbirdə hakimlərin ədalət və dürüstlük prinsiplərinin əsas təminatçısı olduğu vurğulanıb, həmçinin idman mərclərinin bu prosesdəki rolu, sosial media üzərindən edilən mümkün təzyiq üsulları və şübhəli təkliflərlə qarşılaşdıqda atılmalı olan zəruri addımlar praktiki nümunələrlə izah edilib. Sessiyanın sonunda AFFA-nın 2025-ci il İntizam Məcəlləsinin müvafiq maddələri xatırladılaraq, danışılmış oyunlarda iştirakın və ya məlumatın gizlədilməsinin ağır sanksiyalarla nəticələnəcəyi bildirilib.

Təlimin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığı qorumaq və hakimlərin məsuliyyətini artırmaqdır.