Bu gün Bakıda Moskvanın “Dinamo” klubunun uşaq futbol məktəbi rəsmi fəaliyyətə başlayıb.

Offsideplus.az xəbər verir ki, bununla bağlı Bakı Olimpiya stadionunun ərazisində yerləşən “Sportster Footbal Grounds”da tədbir keçirilib.

Öncə Azərbaycanın dövlət himni və “Dinamo”nun rəsmi marşı səsləniib. Ardınca söz məktəbin təsisçisi Çingiz Hümbətova verilib. Tədbir iştirakçılarını salamlayan Ç.Hümbətov qarşıda duran məqsəd və vəzifələrdən danışıb: “Bu gün biz “Dinamo”nun tarixində yeni mərhələyə qədəm qoyuruq. Məktəbimizdə futbolun sirlərinə yiyələnəcək hər bir uşaq bizim böyük ailənin üzvünə çevriləcək. Futbol təkcə idman oyunu deyil. Məqsədimiz fiziki inkişafla yanaşı, uşaqlara hörmət, diqqət, dəstək kimi vacib mənəvi amilləri aşılamaq, onlarda güclü xarakter, əzm hissi formalaşdırmaqdır. Bundan ötrü “Dinamo”nun özünəməxsus iş metodundan istifadə olunacaq”.

Daha sonra məktəbin direktoru Pərviz Ağayev fikirlərini bildirib: “Dinamo” və “Laçın” futbol klublarının əməkdaşlığı sayəsində ərsəyə gətirilən məktəbin açılışını görməkdən çox məmnunam. Gənc istedadları üzə çıxarmaq, onları yetişdirmək, bir sözlə, Azərbaycan futboluna töhfə vermək istəyirik. Məktəbimiz yüzlərlə uşağın arzularını gerçəkləşdirməyə yardımçı olacaq. “Dinamo” klubu böyük təcrübəyə malikdir, biz bu üstünlükdən yararlanmağa, biliklərimizi bölüşməyə çalışacağıq. Qarşımıza böyük məqsədlər qoymuşuq”.

Tədbirdə Azərbaycanın ən güclü fubolçularından biri Vəli Qasımov da yad edilib. Axı qeyri-adi istedada malik hücumçu vaxtilə “Dinamo”nun heyətində parlaq oyun göstərib. Elə “Dinamo” Futbol Akademiyasının inkişaf direktoru Denis Dmitriyev çıxışında bu məqamı vurğulayıb: “Bizi Azərbaycanla isti tellər bağlayır. Vəli Qasımov vaxtilə “Dinamo”da oynayıb. “Neftçi”nin mərhum futbolçusu Yuri Kuznetsovun oğlu Aleksandr Kuznetsov isə akademiyamıza rəhbərlik edir. “Dinamo” akademiyası olaraq, Bakıdakı məktəbə nəzarət edəcəyik, inkişaf prosesini diqqətdə saxlayacağıq. İndi məktəbdə bir neçə uşaq məşğul olur. Ümidvarıq ki, növbəti səfərimizdə artıq bir neçə komanda görəcəyik. Uşaqlar, sizə uğurlar arzulayıram! Futbol oynayın! Sizdə hər şey alınacaq!”.

Bundan başqa, tədbirə “Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Vitali Kovalyov da təşrif buyurmuşdu. O, bu gün “Dinamo” məktəbinin sıralarına qoşulanlar arasında gələcəyin ulduzu çıxacağına ümidvar olduğunu söyləyib: “Belə böyük bir klubun Bakıda məktəb açması məni çox sevindirir. Özü də ikiqat sevinc hissi keçirirəm. Ona görə ki, “Dinamo” akademiyası əfsanəvi qapıçı Lev Yaşinin adını daşıyır. Mən keçmiş qapıçıyam, 25 il peşəkar futbolla məşğul olmuşam. Azərbaycanda uşaq futboluna geniş diqqət ayrılır. İnanıram ki, “Dinamo” məktəbi ölkə futboluna yeni istedadlar bəxş edəcək”.

Daha sonra çıxış edən Azərbaycandakı Rusiyalı Gənclər Assosiasiyasının rəhbəri Sergey Danilov, Rusiyanın Azərbaycandakı səfirinin baş məsləhətçisi Valeri Korçaqin, VTB bankının nümayəndəsi Yevgeni Borodin də təşkilatçılara və uşaqlara xoş sözlərini çatdırıblar.

Qonaqlar, “Dinamo”da məşqlərə başlamış uşaqlar və onların valideynləri xatirə şəkli çəkdiriblər. Tədbirin sonunda “Dinamo”nun Bakıdakı məktəbinin futbolçuları “Laçın” klubundan olan həmyaşıdları ilə mini-turnirdə üz-üzə gəliblər.

Qeyd edək ki, “Dinamo” klubu Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus və Azərbaycanda ümumilikdə 130 futbol məktəbi açıb. Bu məktəblərdə 5000-ə yaxın uşaq futbolun sirlərini öyrənirlər.