Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində 28 komanda mübarizə aparacaq. 

Offsideplus.az xəbər verir ki, turnirdə debüt edəcək Azərbaycan çempionu "Sabah" 14 "səpələnməmiş" klub arasında yer alıb.

Təmsilçimizin ilk mərhələdə qarşılaşa biləcəyi 14 komandadan 13-ü artıq məlumdur. Bu siyahıya daxil olan klublar bunlardır:

"Kayrat" (Qazaxıstan), "Şemrok Rovers" (İrlandiya), KuPS (Finlandiya), "Drita" (Kosovo), "Linkoln Red Imps" (Cəbəllüttariq), "Borats" (Bosniya və Herseqovina), "Vikinqur" (İslandiya), "Universitatya Krayova" (Rumıniya), "Riqa" (Latviya), "Klaksvik" (Farer adaları), "Flora" (Estoniya), "Larn" (Şimali İrlandiya) və "Petrokub" (Moldova).

14-cü potensial rəqib Uels təmsilçisi TNS ola bilər. Bu, Ermənistan çempionatının yekunundan asılıdır. Orada "Ararat" çempion olsa, TNS "səpələnmişlər" səbətinə düşərək "Sabah"a rəqib ola bilər. Titulu "Noa" qazanarsa, uelsliləri sıxışdırıb özü bu səbətə yüksələcək. Lakin bu halda da UEFA-nın məlum qərarına əsasən Azərbaycan və Ermənistan klubları püşk zamanı bir-biri ilə düşmədiyi üçün "Sabah"ın ermənilərlə qarşılaşmaq ehtimalı yoxdur.

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu mərhələnin oyunları 7-8 və 14-15 iyul tarixlərində baş tutacaq.