NBA-da "Los Anceles Leykers"lə "Yuta Caz" arasında keçirilən qarşılaşmanın böyük fasiləsində Luka Donçiç və hakim Tre Maddoks arasında emosional mübahisə yaşanıb. Hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Fasiləyə gedərkən Donçiç hakim briqadasına tərəf nəsə deyib. Birinci hissədə Maddoks artıq ona texniki qayda pozuntusu vermişdi. Hakim sərt şəkildə dönərək Donçiçə tərəf yaxınlaşıb və "Nə dedin?" deyə soruşub. Gərginliyin böyüməsinin qarşısını "Leykers"in baş məşqçi köməkçisi Skott Bruks vaxtında müdaxilə edərək alıb.
Offsideplus.az xəbər verir ki, üçüncü hissədə də "Leykers"in hakim qərarlarından narazılığı davam edib və komandanın ehtiyat oyunçular skamyası daha bir texniki qayda pozuntusu alıb. Ardınca Donçiç digər hakim Danika Barudi ilə də mübahisə edib. Oyun "Leykers"in 97:109 hesablı məğlubiyyəti ilə başa çatıb və bu nəticə komandanın doqquz oyunluq qələbə seriyasına son qoyub. Donçiç 37 dəqiqə meydanda olaraq 29 xal, 5 ribaund, 7 assist və 2 top oğurlama ilə yadda qalıb, lakin 9 top itirib və səmərəlilik göstəricisi "-18" olub.


