"Barselona"nın futbol koordinatoru Boyan Krkiç və idman direktoru Deku Aleks Baldenin gələcəyi ilə bağlı mövqelərini açıqlayıblar.

Offsideplus.az xəbər verir ki, Krkiç Baldenin hazırkı vəziyyətinin asan olmadığını bildirib: "Balde əla insandır. Onunla münasibətlərim yaxşıdır, eləcə də digər futbolçularla. Hazırda onun üçün çətin dövrdür, çünki oynamaq istəyir. O, bizim akademiyamızın yetirməsidir, aramızda emosional bağ var və o, klub üçün hələ də vacib oyunçudur. Futbolda müxtəlif dövrlər olur: bəzən daha çox, bəzən isə az oynayırsan, amma daim hazır olmalısan. O, işləməyə davam etməlidir və hazırda da bunu edir. Yanvarda onu satmaq fikrimiz yoxdur".

Deku isə əlavə edib ki, klub Baldenin potensialına inanır və onun ayrılması yalnız futbolçunun özü başqa komandada oynamaq istədiyini bildirərsə müzakirə oluna bilər: "Başqa nümunələr də var – bəzən baş məşqçinin qərarına və ya komanda daxilindəki dəyişikliklərə görə vəziyyət dəyişir. Kapitan Rafinya, Gavi və Andreas Kristensen kimi oyunçuları xatırlayın. Futbolçular, xüsusilə gənc yaşlarında, uyğunlaşmağı bacarırlar. Balde hələ 30 yaşına çatmayıb və artıq nəyə qadir olduğunu sübut edib. Əgər onun yüksək səviyyədə oynadığını heç vaxt görməsəydik, söhbət başqa cür olardı. Məqsədlərimizi Hansi Fliklə də müzakirə etmişik. Bəzən elə hallar olur ki, nə klubdan, nə də məşqçidən asılı deyil – hər şey futbolçunun özündən asılıdır. Amma Balde tərəfindən heç bir narazılıq siqnalı gəlməyib, ona görə də bu variantı nəzərdən keçirmirik. Əgər narazı olduğunu desəydi, vəziyyəti dəyərləndirərdik".