"Monako" basketbol klubu maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi yenidən qurulma yolu tapacağına və gələcəkdə meydançaya qayıdacağına ümid etdiyini bildirib.
Klubun bəyanatında son 12 ildə əldə olunan uğurlara toxunulub. "Monako" bu müddətdə üç dəfə Fransa çempionu olub, dörd Lider Kuboku, iki Fransa Kuboku və bir Superkubok qazanıb. 2021-ci ildə isə EuroCup-ı əldə edərək, Monako knyazlığının komanda idmanlarında ilk Avropa tituluna sahib çıxıb. Klub iki dəfə EuroLeague Final Four mərhələsində iştirak edib və bir dəfə final oyununa yüksəlib.
Vida mesajında "Monako" ən böyük nailiyyətinin komanda ətrafında formalaşan icma olduğunu vurğulayıb və azarkeşlərə sədaqətləri üçün təşəkkür edib. Klubun gələcəyi hazırda ASM assosiasiyasına, rəhbərliyə, məşqçilərə, gənc oyunçulara və hazırda Nationale 3-də çıxış edən əsas komandaya həvalə olunub. "Monako" bu keçidi estafetin ötürülməsi kimi dəyərləndirib və qırmızı-ağ rənglərin yenidən ən yüksək səviyyəyə qayıdacağına ümid etdiyini bildirib.


