"Qızıl top"un sabiq direktoru Paskal Ferre bu il mükafatın təqdimatı ərəfəsində Kilian Mbappe və Lamin Yamalın kampaniyaları barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Ferre bildirib ki, Mbappenin kampaniyası Yamalınkından daha yaxşıdır, lakin "Qızıl top" tələb edilən deyil, qazanılan mükafatdır. O qeyd edib ki, münsiflər heyətinin üzvləri tam müstəqil və təcrübəli insanlardır və kampaniyaların nəticəyə təsiri yoxdur.
Ferre əlavə edib: "Düzünü desəm, mən bu il Kilian üçün səs verməzdim, baxmayaraq ki, o, fantastik oyunçudur. Çünki 30 namizəd arasında o, klub səviyyəsində heç bir titul qazanmayan azsaylı futbolçulardan biridir. Mövsüm ərzində heç bir komanda uğuru əldə etmədən dünyanın ən yaxşı oyunçusu adını almaq qəribədir. Fikrimcə, mükafat komanda uğuru olmayan futbolçuya verilməməlidir. Futbol hələ də kollektiv oyundur və titul qazanmadıqsa, deməli, kifayət qədər güclü olmamışıq."


