Böyük idmanda ən təhlükəli an arzulanan bütün zirvələri fəth etdiyin andır. Hidayət Heydərov cəmi bir il ərzində Avropa, dünya və Olimpiya çempionluğunu eyni vaxtda özündə birləşdirərək Azərbaycan cüdo tarixinin ən parlaq səhifələrindən birini yazdı. Lakin son dünya çempionatında tatamiyə çıxışı və cəmi iki mərhələdən sonra mübarizəni dayandırması göstərdi ki, onun qarşısındakı ən böyük rəqib artıq rəqib cüdoçu yox, öz iradəsidir.

Zəfərlərin gətirdiyi erkən rahatlıq Hidayətin hərəkətlərindən, hətta baxışlarından aydın oxunurdu. Əvvəlki Heydərov hər fənddə, hər tutuşda rəqibini "parçalamağa" hazır olan, gözlərində qələbə acgözlüyü görünən bir döyüşçü idi. Son qarşılaşmada isə tatamidə sadəcə formal olaraq yer alan, həvəssiz və psixoloji baxımdan tamamilə boşalmış bir idmançı var idi.

Hidayətin hazırkı durumu böyük çempionların üzləşdiyi ən ağır sınaqdır:

Bütün mühüm titulları qazanandan sonra özünə yeni hədəf tapa bilməmək... "Mən artıq hər şeyə nail olmuşam" düşüncəsi idmançının fərqinə varmadan məşq keyfiyyətini və diqqətini aşağı salır.

Zəfərlərdən sonra gələn reklam çəkilişləri, tədbirlər və mediadakı dözülməz diqqət idmançının enerjisini əsl işindən – zalın tozunu udmaqdan yayındırır.

Təəssüf ki, Azərbaycan Cüdo Federasiyası da bu prosesdə aciz qaldı; qurumun nüfuzu 29 yaşlı idmançının eqosunun kölgəsində əridi. Kim bilir, bəlkə də onlar Heydərovdan artıq ümidlərini üzüblər. Necə deyərlər, "zorla gözəllik olmaz". Bəlkə də federasiyanın hiddəti Hidayətin intizamı kimidir – sadəcə yoxdur.

O dərk etməlidir ki, Olimpiya çempionu olsa belə, birillik zəfərlə adını əbədi əfsanələr sırasına yazdıra bilməz. Əsl məharət zirvəyə qalxmaqda deyil, oradakı mövqeyi qorumaqdadır.