Offsideplus.az Azərbaycan U-21 milli komandasının baş məşqçisi Rəşad Eyyubovun Cəbəllütariqə qarşı oyundan (3:0) sonra jurnalistlərə verdiyi müsahibəni təqdim edir:

– Əvvəlcə bütün oyunçulara təşəkkür etmək istəyirəm. Çətin dövr keçirdik. Nəticədə tariximizdə ən yaxşı nəticə ilə dövrəni başa vurduq.

– 9 xal səddini keçdiniz. Bu barədə nə düşünürsünüz?

– Maksimum realist olmalıyıq. Bugünkü reallıqda bu, çox yaxşı nəticədir. Şotlandiya, Çexiya və Bolqarıstanla heç-heçə etdik, Cəbəllütariqə qarşı iki oyunda da qalib gəldik. Yalnız bir oyuna görə çox təəssüflənirəm. Səfərdə Şotlandiyaya qarşı belə məğlubiyyət almamalı idik.

– Ağadadaş dubl etdi. O, milli komanda üçün yetərlidir?

– Millimizin baş məşqçisi bütün oyunları izləyib, görüb. Ağadadaş, məncə, milli komanda üçün real namizəddir.

– U-21 yığmamızda çıxış edən futbolçuların gələcəyini necə dəyərləndirərdiniz?

– Yeni qaydalara görə limit ləğv olunandan sonra onların oyun dəqiqələri azalıb. Mən buna normal baxıram. Futbolçular çalışmalıdırlar, dəqiqə qazanmalıdırlar.

– Millidə daha nə görmək istəyirsiniz?

– İlk növbədə, daha geniş oyunçu siyahısının olmasını istəyirəm. Hər oyunda necə vuruşub, mübarizə aparırdıqsa, bundan sonra da buna davam etmək istəyirəm.

– Nərimanda epizodları dəyərləndirmək üçün nə çatmır?

– Nərimanda hər şey var. Gələn oyunçular arasında ən istedadlı oyunçu Nərimandır. İndi çətin zamandır, lakin o, gələcəyin ən parlaq oyunçularından biridir.