Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatı Azərbaycan millisi üçün uğurlu çıxışla davam edir.

Offsideplus.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev bütün rəqiblərini üstələyərək yarışın finalına vəsiqə qazanıb. Təmsilçimiz yarımfinal mərhələsində Qazaxıstan idmançısı Abilayxan Zubanazarı məğlub edib. Qızıl medal uğrunda həlledici görüşdə Tçkayev Gürcüstan təmsilçisi Tato Qriqalaşvili ilə üz-üzə gələcək.

Zelimə uduzan A.Zubanazar isə bürünc medal uğrunda qarşılaşmada millimizin digər üzvü Ömər Rəcəbli ilə münasibətlərinə aydınlıq gətirəcək.

Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Vüsal Qələndərzadə üçün isə mundial uğursuz yekunlaşıb. O, 1/8 final mərhələsində elə həmin Abilayxan Zubanazara cərimə xalları hesabına uduzaraq mübarizəni vaxtından əvvəl dayandırıb.

Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-dək davam edəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kq) çempionluq sevinci yaşayıb, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medala sahib çıxıb.